Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə “TexnoLab” MMC arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Təhsildə Keyfiyyət Təminatı Agentliyi qeyri-formal və informal təhsilin tanınması istiqaməti üzrə əmək bazarının əsas iştirakçıları olan işəgötürən və sahibkarlarlarla əməkdaşlıq əlaqələrini genişləndirməkdə davam edir.

Sözügedən fəaliyyət çərçivəsində “Mobil telefonların təmiri ustası” peşə ixtisası üzrə qeyri-formal və informal təhsilin tanınması məqsədilə “TexnoLab” MMC ilə əməkdaşlıqla bağlı razılıq əldə edilmiş və müqavilə imzalanmışdır. Əməkdaşlığın əsas məqsədi müvafiq ixtisasın tanınması üzrə keçiriləcək praktiki imtahanlar üçün istehsalat sahəsinin ayrılması, eyni zamanda zəruri alət, material və avadanlıqların təmin edilməsidir.

Praktiki bacarıqların nümayiş olunacağı laboratoriya və istehsalat sahələrinə qoyulan tələb və standartlara uyğun gələn “Texnolab” MMC-nin texniki dəstəyi ilə Agentlik formal təhsilə çıxış imkanı məhdud olan vətəndaşların təhsil haqda müvafiq sənəd əldə etmələrinə və cəmiyyətin bu prosesdən daha səmərəli şəkildə faydalanmasına dəstək göstərir.

Qeyd edək ki, növbəti mərhələlərdə “Elektronika” və “Elektrik mühəndisliyi” sahələri  üzrə praktiki bacarıqlarının qiymətləndirməsi istiqamətində əməkdaşlığın davam etdirilməsi planlaşdırılır.