Apple şirkəti sümükdən səs ala bilən simsiz qulaqlıq üzərində çalışır

Apple şirkəti ABŞ-da bir simsiz qulaqlığın patentini alıb. “Texnolab.az” məlumat verir ki, bu qulaqlıq bu günə kimi gördüyümüz bütün qulaqlıqlardan fərqlidir, çünki səs sümük vasitəsilə qulağa ötürüləcək. Bəzi mənbələrdə deyilənlərə görə sözügedən qulaqlıq AirPods 3 modeli olaraq təqdim ediləcək. Nəticə etibarilə simsiz qulaqlıq sahəsində yeni bir cığır açılacaq. Cihazın nə zaman təqdim ediləcəyi hələ ki bəlli deyil.

Qeyd edək ki, sümükdən səs alma texnologiyası xeyli müddətdir mövcud olsa da, bəzi səbəblərdən kütləvi istehsalı başlanmayıb. Apple şirkəti bu texnologiyanı fərqliliklərlə yenidən gündəmə gətirib. Cihazda 1-dən çox səs modulu olacaq ki, bu da daha keyfiyyətli və yüksək səs effekti deməkdir. Əgər layihə reallaşarsa, bu qulaqlıq vasitəsilə həm qulaqlığın ehtiva etdiyi səsləri, həm də olduğumuz məkandakı səsləri eşidə bilərik. Həmçinin suyun altında işləmək xüsusiyyəti də olacaq. Digər xüsusiyyətlərlə bağlı xəbər sızdırmayan şirkət sentyabr ayında təşkil edəcəyi bir tədbirdə həm iPhone 12 modelini, həm də sözügedən qulaqlığı təqdim edə bilər.