Fon şüalanmasının yeni tədqiqatı kainatın yaşını təsdiqləyib

Astrofiziklərdən ibarət beynəlxalq qrup yenidən kainatın yaşını hesablayaraq təsdiqləyiblər ki, onun 13.8 milyard yaşı var. Çilidəki Atakama teleskopu vasitəsilə əldə edilmiş məlumatlar Plank kosmik rəsədxanasının standart modeli və hesablamaları ilə üst-üstə düşür. Bu barədə Science Daily saytı xəbər verib. Kainatın yaşı astrofiziklərin vahid fikrə sahib olmadıqları bir anlayışdır. Standart modelə və Plank peykinin məlumatlarına əsasən kainatın 13.8 milyard yaşı var.

    Lakin keçən il alimlər qalaktikaların hərəkətlərinə əsasən söyləmişdilər ki, onun yaşı 2.3 milyard aşağıdır. Bu cür fərq yeni hesablama modelinin yaradılmasına və ya hesablamalarda səhvin olmasına işarə edirdi. Çilidə yerləşən Atakama kosmik teleskopunun komandası ilk işığı (kainatn yaranmasından 380.000 il sonra ortaya çıxmış mikrodalğalı fon şüalanması) tədqiq edərək kainatın yaşını təyin edib. Komandanın hesablaması Plank rəsədxanasının müşahidə nəticələri ilə üst-üstə düşüb.

 Beləliklə kainatın təqribi olaraq 13.77 milyard yaşı (aşağı-yuxarı 40 milyon il) var. Əldə edilmiş məlumatlar həmçinin kainatın genişlənmə sürətini də anlamağa yardımçı olub. Qeyd etmək lazımdır ki, kainatın genişlənmə sürəti Habbl sabiti ilə ölçülür. Beləliklə məlumata əsasən 3.26 milyon işıq ili məsafəsində yerləşən obyekt bizdən saniyədə 67.6 kilometr sürətlə uzaqlaşır.