Qrafen texnologiyası XXI əsrə damğa vuracaq

Telefonlarımızda istifadə etdiyimiz Li-On və Li-Po batareyaların tutumu ehtiyacımızı qarşılamadığı üçün bu baxımdan xeyli əziyyət çəkirik. Əgər batareya tutumu istehsalçı tərəfindən artırılsa bu, telefonun ölçülərinin həddindən çox böyük olmasına gətirib çıxarar. Amma alimlərin son illərdə apardıqları tədqiqatlar bu problemi kökündən həll edəcək.

Qrafen texnologiyası:

Ağıllarda sual yaradan və bəlkə də çoxlarınızın eşitmədiyi qrafen texnologiyası nədir? Qrafen batareyalar vasitəsilə mobil telefonların enerji tutumu çoxalır və daha sürətli şarj edilir. Sözügedən batareyalar hələ ki satışa çıxarılmasa da, bir çox şirkətlər tərəfindən sınaqdan keçirilib və təcrübələr müsbət istiqamətdə olub. Şirkət sahibinin sözlərinə görə 3000 mAh tutumlu batareya 20 dəqiqə ərzində tam şarj ola biləcək. Amma Li-on batareyalarda bu 70-90 dəqiqə ərzində reallaşır.

Dövrümüzdə daha işlək olan litium-ion batareyalar tez isinir və onların ömrü qısa olur. Normal batareyalar 300-500 dəfə şarj olduqdan sonra əvvəlki gücünü itirsə də, sözügedən batareyalarda bu dövr sayı 1500 dəfəyə qədər daha çoxdur. Qrafen batareyalar uzunömürlü olması ilə seçilir. Həmçinin digər batareyalar kimi enerji yığma müddətində həddən artıq isinmə müşahidə olunmur. 

Qeyd edək ki, qrafen maddəsi poladdan daha möhkəm materiala sahibdir və olduqca nazik olmağı mobil telefonlarda istifadə üçün çox əlverişlidir. Qrafen torunun qalınlığı bir atom təşkil edir ki, bu da kağızdan bir milyon dəfə nazikdir. 2004-cü ildə kəşf edilən qrafen, kimyəvi əlaqələrlə birləşdirilmiş birqatlı karbon atomlarından ibarət yüksək elektrik keçirici, davamlı və elastik nanomaterialdır. Bir neçə nanometrlik qalınlığa malik materialın görünən işıq üçün şəffaf olması onun mikroelektron qurğularda tətbiqinə böyük perspektiv vəd edir. Materialın əsasında yaradılacaq gələcək qurğular zədələrə  qarşı hazırda istifadə edilən qurğulardan daha dözümlü olacaq.

Hazırda texnologiyanın aktiv tətbiq oluna bilməməsinə səbəb qrafen maddəsinin baha başa gəlməsidir. Son illərdə qrafen maddəsi xeyli ucuzlaşsa da texnologiyanın tətbiq olunacağı təqdirdə elektronika cihazlarının qiymətində 30% artım müşahidə olunacaq. Çünki təkcə 1 kq qrafen maddəsinin qiyməti 300.000 dollar təşkil edir. “Real Graphene” şirkəti texnologiyanın tətbiqinə yavaş-yavaş başlamağı və il ərzində kütləvi istehsalata keçməyi düşüdüyünü bildirib.

Gülarə Kərimova