Elon Musk həqiqətən beynimizə çip yerləşdirəcək?

Elon Musk”ın neyrotexnologiya şirkəti olan Neuralink şirkəti beyinə taxılabilən çiplərlə bağlı işlərin demək olar ki, yekunlaşdığını bildirib. Bəs bu texnologiya nə zaman bizə bütün dilləri bilmək, beyin oxuya bilmək kimi imkanlar yaradacaq?

Bu iddianı başqa bir texnologiya şirkəti ortaya atsaydı, yəqin ki, hamımız gülüb keçərdik. Amma söhbət texnologiyada yeni cığırlar açmış Elon Musk”dan gedəndə, təbii ki, tərəddüd yaşayırıq.Elektron avtomobillərin yaranması, Marsa səyahət planları məhz onun adı ilə bağlıdır. 

Musk bildirib ki, neyrolink cihazı gələn il ilk dəfə insan beyni ilə təmas yaratmağa çalışacaq. Qeyd edib ki, sözügedən cihaz meymunlar və siçanlar üzərində yoxlanılıb və müsbət nəticələr əldə edilib. Növbəti ildən etibarən insan üzərində yoxlanılması planlaşdırılır. Cihaz batareya ilə işləyən çip şəklində olacaq. Bu çip beyinə elektrodlar göndərəcək və kəlləyə 8 mm-lik dəlik açılmaqla yerləşdiriləcək. Həmçinin çip vasitəsilə telefonun blutuzuna qoşulmaq və telefonu beyinlə idarə etmək mümkün olacaq. Bu isə fiziki qüsurlu insanlar üçün müsbət bir yenilik olmuş olacaq. Sonrakı mərhələdə beyinə müxtəlif dil bilikləri, musiqi alətləri çalmaq və s. kimi xüsusiyyətlər yükləmək olacaq. 

Elon Musk”ın ən böyük qorxusu gələcəkdə süni intellektlərin həyatımızı idarə etməsidir. Bunun qarşısının alınması məqsədilə belə bir layihə üzərində çalışan Musk bildirib ki, gələcəkdə insanın süni intellektdən daha üstün zehni qabiliyyətə malik olması robot texnologiyasını üstələməkdə kömək edə bilər.